Mükəmməl suallar, mükəmməl cavablar. Gələcək üçün qərar (Nyu-York, 4 iyul 1972-ci il)

Gələcək üçün qərar (Nyu-York, 4 iyul 1972-ci il)

Bob: Bir həftə bundan qabaq sizin mərhəmət dolu məktubunuzu aldım. Şrila Prabhupada: Siz çox ağıllı oğlansınız. Bu fəlsəfəni dərk etməyə çalışın. Bu çox vacibdir. Adamlar hissi həzz üçün boş yerə hədsiz enerji itirirlər. Onlar sonrakı həyatda başlarına nə gələcəyini bilmirlər. Səfeh adamların növbəti həyatın varlığından xəbərləri yoxdur. Bu həyat növbəti həyat üçün hazırlıqdır. Onlar bunu bilmirlər. Bu sadə bilik müasir təhsil sistemi və onun universitetləri üçün tamamilə qaranlıqdır. Bədənimiz hər an dəyişir – bu, tibbi faktdır. Bu bədəni tərk etdikdən sonra başqa bədən qəbul etməli olacağıq. Necə hazırlaşırıq həmin bədəni almağa? Nə bədəni alacağıq? Bunu da bilmək çətin deyil. Məsələn, kimsə təhsil alırsa, imtahan verəndən sonra onun mühəndis, ya da həkim olacağını başa düşmək çətin deyil. Eynilə, növbəti həyatda alacağınız bədən üçün indidən hazırlaşa bilərsiniz.

Barbara (Bobun arvadı): Növbəti həyatda nə olmaq istədiyimizi özümüz qərara ala bilərik?

Şrila Prabhupada: Bəli, bilərsiniz. Məsələn, biz qərara almışıq ki, sonrakı həyatımızda Krişnanın yanına gedək. Bizim qərarımız belədir – evimizə, geriyə Tanrının yanına qayıtmaq. Tutaq ki, siz mühəndis və ya həkim olmaq istəyirsiniz. Bunun üçün qarşınıza məqsəd qoyur, hazırlaşır və gedib təhsil alırsınız. Eynilə, sonrakı həyatda nə olmaq istədiyinizi də qərara ala bilərsiniz. Siz qərara gəlməsəniz, əvəzinizə maddi təbiət özü qərar verəcək.

Barbara: Ola bilər ki, mən keçmiş həyatımda Krişna şüurunda olmuşam?

Şrila Prabhupada: Keçmiş həyatınızda kim olmağınızın əhəmiyyəti yoxdur. Krişna şüuru hərəkatı sizə bu həyatınızda fədai olmağa imkan verir. Bu imkandan istifadə edin. Kamil Krişna fədaisi olan adam bir daha maddi dünyaya qayıtmır. Amma çatışmazlığı olarsa, onun yenidən maddi dünyaya qayıtma ehtimalı var. Lakin çatışmazlığı olarsa belə, fədai yaxşı ailədə dünyaya gəlir: şuçinam şrimatam qehe yoqa-bhraşto bhicayate [«Uğursuz yoq ya dindar, ya da zadəgan ailəsində dünyaya gəlir».] İnsan ağlı gələcək üçün qərar qəbul etməyə qadirdir. Bu ancaq insan ağlına xasdır. Heyvan qərar qəbul edə bilmir. Bizim yaxşını pisdən seçmək qabiliyyətimiz var. Mən belə etsəm, bu, mənə xeyir gətirəcək, yox elə etsəm, o, mənim ziyanımadır. Seçmək qabiliyyəti yalnız insana məxsusdur. Odur ki, bu imkandan düzgün istifadə etmək lazımdır. Siz həyatın məqsədinin nə olduğunu bilməli və buna uyğun hərəkət etməlisiniz. Həqiqi insan cəmiyyəti belə olmalıdır.

Barbara: Siz nə vaxtsa Krişnanı görmüsünüz?

Şrila Prabhupada: Bəli.

Barbara: Siz onu görürsünüz?

Şrila Prabhupada: Hər gün, hər an görürəm.

Barbara: Amma maddi bədəndə yox?

Şrila Prabhupada: Onun maddi bədəni yoxdur.

Barbara: Bəs Krişnanın məbəddəki şəkilləri…

Şrila Prabhupada: O, maddi bədən deyil. Sizə elə gəlir, çünki gözləriniz maddidir. Gözləriniz maddi olduğundan, siz ruhi formanı görə bilmirsiniz. Ona görə də Krişna mərhəmət göstərib maddi bədəndə zühur edir ki, siz Onu görə biləsiniz. Əgər O, mərhəmət göstərərək sizin görə biləcəyiniz formanı alırsa, bu o demək deyildir ki, onun bədəni maddidir. Tutaq ki, Birləşmiş Ştatların prezidenti iltifat göstərib sizin evinizə gəlir. Bu o demək deyil ki, onun vəziyyəti sizinki ilə eynidir. Bu onun lütfkarlığıdır. Sizə olan məhəbbətindən o, evinizə gəlirsə, bu o demək deyil ki, o sizinlə eyni səviyyədədir. Eynilə, biz Krişnanı indiki gözlərimizlə görə bilmirik deyə, O bizim görməyimiz üçün şəkil formasında, daşdan və ya ağacdan düzəldilmiş formada zühur edir. Krişna bu şəkillərdən və ya ağac formadan fərqlənmir, çünki hər şey Krişnadır.

Barbara: Biz öləndən sonra ruhumuz necə olur? Şrila Prabhupada: Siz başqa bədən alırsınız.

Barbara: Dərhal?

Şrila Prabhupada: Bəli. Bir evdən başqasına necə köçürsənsə, bu da elə. Əvvəlcə təzə ev tapırsan, sonra köhnəni tərk edib təzəyə köçürsən. Barbara: Adam hansı bədən alacağını əvvəlcədən bilə bilərmi?

Şrila Prabhupada: Bəli, bu şərtlə ki, bunu necə etməyi öyrənəsiniz. Kim bunu bilmirsə, təbiət özü onun qayğısına qalır. Əgər bunu bilmirsinizsə, demək, özünüzü sonrakı həyata hazırlamamısınız. Ölüm zamanı ağlınız yeni bədən yaradacaq, təbiətsə onu sizə verəcək. Barbara: Bəs mantranın təkrarı… O, nə verir?

Şrila Prabhupada: Bu cavanlardan [fədailərdən] soruşa bilərsiniz, onlar izah edərlər.

Bob: Hər şeyi Krişna idarə edirsə, onda O, fədai olmayanları necə idarə edir?

Şrila Prabhupada: Mayanın köməyi ilə. Ölkədə hər şeyi hökumət idarə etdiyi kimi. Şahlığı şahın nazirləri idarə edirlər.

Bob: Bəs Krişna fədai olanları necə idarə edir?

Şrila Prabhupada: Siz öz sevdiyiniz adamı idarə etdiyiniz kimi. Misal üçün, sevimli övladınız varsa, siz hər cür şəraitdə onun xeyrinə çalışırsınız. Uşaq əlini oda toxundurmaq istəyəndə, siz o saat deyirsiniz: «Yox, yox, əzizim, toxunma». Krişna şüurunda olan adam [fədai] heç vaxt səhvə yol vermir, çünki Krişna həmişə ona yol göstərir. Krişna şüurunda olmayanların qayğısına isə Maya qalır. Gördüyünüz kimi o, hər şeyi çox gözəl təşkil edir.

Bob: Biz doğularkən, nə vaxt öləcəyimiz əvvəlcədən müəyyən edilirmi?

Şrila Prabhupada: Necə?

Bob: Mənim nə vaxt öləcəyim, başqalarının nə vaxt öləcəyi biz doğulmazdan əvvəl müəyyən edilirmi? Mən doğulanda mənim nə qədər yaşayacağım irəlicədən müəyyən edilirmi?

Şrila Prabhupada: Bəli.

Bob: Heç kim onu dəyişə bilməz?

Şrila Prabhupada: Yox, heç kim dəyişə bilməz, amma Krişna dəyişər. Fədai: Əgər kimsə intihar edirsə, bu da irəlicədən müəyyən edilir? Şrila Prabhupada: Yox, bunu o özü edir, çünki onun bir az müstəqilliyi var. İntihar etmək təbii deyil, bu qeyri-təbii ölümdür. Bizim müstəqilliyimiz var deyə, biz təbii olan şeyləri qeyri-təbii də edə bilərik. Dustaq həbsxanadan elə-belə çıxa bilməz, amma o, divardan tullanıb qaça bilər. Belə halda, onu yenidən həbsxana gözləyir. Bir qayda olaraq, Dustaq həbsxanadan vaxtından qabaq çıxa bilməz, əgər o hər hansı bir yolla oradan qaçarsa, deməli, yeni cinayət işlətmiş olacaq. O, yenidən həbs ediləcək və cəza müddəti artırılacaqdır, yəni daha ağır cəza alacaqdır. Demək, biz öz taleyimizi elə-belə dəyişə bilmərik. Dəyişsək, əzab çəkməli olacağıq. Amma Krişna şüurunda olsaq, Krişna bizim taleyimizi dəyişə bilər. Biz yox, Krişna dəyişir. Krişna deyir: aham tvam sarva-papebhyo mokşayişyami – «Mən səni qoruyacağam». Krişna bizi qorumaq üçün taleyimizi dəyişir. Adamlar ya fədai, ya da qeyri-fədai olurlar. Qeyri-fədailəri maddi təbiət, fədailəri isə bilavasitə Krişna Özü idarə edir. Böyük firma rəhbərinin idarəsində çoxlu işçi olur, onları müxtəlif şöbə müdirləri idarə edirlər. Firmanın rəhbəri onları birbaşa idarə etmir. Amma həmin rəhbər öz evində uşaqlarını birbaşa idarə edir. Hər iki halda o, idarəedici olaraq qalır. Eynilə, Tanrı da həmişə idarəedəndir. Adam fədai olanda Tanrı onu birbaşa Özü, fədai olmayanda isə nümayəndəsi, Maya idarə edir. Hər iki halda o, idarə olunmalıdır. Misal üçün, hər bir Amerika vətəndaşı hökumət tərəfindən idarə olunur. Əgər o, qanuna əməl edirsə, mülki orqanlar tərəfindən idarə olunur; qanuna əməl etmirsə, onda hüquq orqanları onu idarə edir. O deyə bilməz ki, onu heç kim idarə etmir. Bu mümkün deyil. Hamı idarə olunur. Əgər kimsə deyirsə ki, onu heç kim idarə etmir, onun ağlı yoxdur, o, dəlidir. Hamı idarə edilir. Ya sizi Tanrı Özü idarə edir, ya da Onun nümayəndəsi – Maya. Sizi Maya idarə edirsə, həyatınız öz mənasını itirir; siz hər dəfə yeni bədən alaraq təkrar-təkrar doğulur və maddi dünyada qalırsınız. Əgər Tanrı tərəfindən idarə olunmaq istəsəniz, onda bu bədəni tərk edəndən sonra evinizə – geriyə Tanrının yanına qayıdacaqsınız. Deməli, həyatınızın məqsədinə çatacaqsınız. Siz yaşayırsınızsa, deməli, idarə olunursunuz. Başqa cür mümkün deyil. Bunu anlayan adam dərrakə sahibidir. Bu, «Bhaqavad-qita»da da deyilir: bahunam canmanam ante cnanavan mam prapadyate – «Çoxlu sayda doğuluş və ölümdən sonra həqiqi biliyə yiyələnən şəxs Mənə tapınır». Vasudevah sarvam iti – «Krişna, Sən hər şeysən, mən gəldim, məni qəbul elə. Mən artıq tamamilə Sənə sığınmışam, mənə hakim ol. Mən sənin tabeliyindəyəm. Bu yaramazlara çox tabe oldum və bu, mənə heç bir fayda vermədi. Mən öz hisslərimə tabe idim və onların təsiri altında ailəyə, cəmiyyətə, ölkəyə, xalqa, hətta itlərə belə qulluq etdim. Lakin heç nədən razı qalmadım. İndi artıq gözüm açılıb, istəyirəm məni Sən idarə edəsən. İtə tabe olmaq əvəzinə, qoy Tanrıya tabe olum». Buna Krişna şüuru deyirlər. İtə tabe olan adam görməmisiniz? İt küçədə dayanıb özünü boşaldır, sahibi isə durub gözləyir. Elə deyil? İt özünü boşaldır, sahibi isə düşünür: «Mən bu itin sahibiyəm». Əslində o, itə tabedir. Bu, Mayadır. O, itin qulluqçusu ola-ola, özünü ağa sayır. Krişna şüurunda olmayan kəs bunu dərk edə bilməz. Özünüz görürsünüz ki, bu yaramaz, itə tabe olub onun qulluğunda durur, amma özünü ağa sayır. Bunu başa düşmək çətin deyil. Necə fikirləşirsiniz? Məgər o, itin tabeliyində deyil?

Bob: Bəli, elədir.

Şrila Prabhupada: Amma ona elə gəlir ki, o, itin sahibidir. Ailəli adam arvadının, uşaqlarının, qulluqçularının – hamısının tabeliyi altındadır, amma yenə fikirləşir: «Mən bunların ağasıyam». Prezident Nikson özünü ölkənin ağası hesab edir, ancaq o da idarə olunur. Vaxtı çatanda onun «nökərləri» – xalq bir anın içində onu vəzifədən uzaqlaşdıra bilər. Bu zaman o, yenidən deyir: «Bundan sonra mən sizə daha yaxşı xidmət edəcəyəm», «Mən sizin ən yaxşı xidmətçiniz olacağam». Və buna görə camaat ona səs verir: «Yaxşı, bizim prezidentimiz ol». Sonra o, yenə müraciət edir: «Məni yenə seçin! Məni yenə seçin!». Bu o deməkdir ki, o, xidmətçidir, amma özünü ağa sayır. Bax, vəziyyət belədir. Maya. Maya tərəfindən idarə olunan adam nökər olsa da, özünü ağa sayır. Fədai heç vaxt özünü ağa saymır. O, özünü həmişə xidmətçi hesab edir. Maya ilə gerçəklik arasındakı fərq bundan ibarətdir. Heç olmasa fədai bilir ki, o, ağa deyil, xidmətçidir. Xidmətçi özünün ağa olduğunu düşünürsə, bu, illüziyadır. Xidmətçi biləndə ki, o, xidmətçidir, bu artıq illüziya deyil, muktidir – qurtuluşdur. Çünki belə adam yalançı təsəvvürlərin tabeliyində deyil. Bunu anlamağa çalışın. Fədailər heç vaxt yalançı ideyalarla yaşamırlar, onlar öz əsl vəziyyətlərini bilirlər. Svarupena vyavasthitih. Mukti – qurtuluş öz təbii mövqeyini tutmaq deməkdir. Mən xidmətçiyəm. Əgər mən xidmətçi olduğumu dərk edirəmsə, bu, qurtuluş deməkdir. Əgər özümü ağa sayıramsa, bu, kölə olmaq deməkdir. Məhdudlanmış canla qurtulmuş can arasındakı fərq budur. Krişna şüurunda olan fədailər özlərini həmişə Krişnanın xidmətçisi hesab edirlər. Ona görə də onlar qurtulmuş canlardır. Onlar qurtulmağa can atmırlar. Onlar artıq qurtulublar. Çünki onlar öz təbii vəziyyətlərini tutublar. Onlar süni surətdə özlərini ağa saymırlar. Adətən, hamı özünün ağa olduğunu düşünür. Bu, illüziyadır. Həyatda heç bir vəziyyətdə ağa ola bilməzsiniz, xidmətçi olaraq qalmalısınız. Sizin vəziyyətiniz belədir. Adam özünü süni surətdə ağa yerinə qoyanda, o, məhdudlandırılır, könüllü surətdə Ali Ağaya sığınanda isə qurtulur. Fədai özü qurtuluşa çatmağa can atmır. O, Krişnaya, ya da Krişnanın nümayəndəsinə tapınır, beləliklə qurtuluşa öz-özünə nail olur.

Bob: Prabhupada, «İsa peyğəmbərun ardıcılları» və bunun kimi təzə yaranmış bəzi dini cəmiyyətlərin üzvləri iddia edirlər ki, İsa peyğəmbər onlara yol göstərir. Bu, mümkündür?

Şrila Prabhupada: Bəli, amma onlar da başqa xristianlar kimi ona qulaq asmırlar. İisus deyir: «Heç kəsi öldürməməlisən!», amma onlar öldürürlər. İisus onlara belə göstəriş verir? Məgər «Məni İsa peyğəmbər idarə edir» deməklə iş bitir? Onun dediklərinə qulaq asmırlar. Belə göstəriş olar? Heç kim İsa peyğəmbərun dediklərinə qulaq asmır. Onların iddiaları həqiqətdən uzaqdır. Həqiqətən İsa peyğəmbərun dediklərinə əməl edən adama rast gəlmək çox çətindir. İsa peyğəmbər yol göstərməyə həmişə hazırdır, amma heç kim ona qulaq asmaq istəmir. Belə hesab edirlər ki, İsa peyğəmbər onların günahları üçün müqavilə bağlayıb. Onların fəlsəfəsi bu cürdür. Onlar hər cür günah işlədirlər, yazıq İsa peyğəmbər isə bu günahlara görə cavab verməlidir. Onların dini budur. Buna görə də onlar deyirlər ki: «Bizim dinimiz çox yaxşı dindir. Bütün günahlarımıza görə iztirabı İsa peyğəmbər çəkəcək». Budur yaxşı din? Onlar İsa peyğəmbərə hörmət etmirlər. O, bizim günahlarımıza görə ölüb. Nə üçün biz yenə günah işlətməliyik? Bu cür böyük adam bizim günahlarımıza görə həyatını qurban vermişdir, ona görə biz onun dediklərinə əməl etməliyik. Əgər siz bunu başqa cür qəbul edirsinizsə: «Eh, biz günah işlətməkdə davam edəcəyik, İsa peyğəmbər isə müqavilə üzrə bütün günahlarımızı yuyacaq. Mən, sadəcə, kilsəyə gedəcəyəm və günahlarımı boynuma alacağam, sonra evə qayıdıb yenidən mənasız işlərlə məşğul olacağam» – sizcə bu, yüksək dərrakənin əlamətidir?

Bob: Yox.

Şrila Prabhupada: Əslində, İsa peyğəmbərun göstərişlərinə əməl edənlər mütləq qurtuluş qazanacaqlar. Amma İsa peyğəmbərun nəsihətlərinə doğrudan da əməl edən adam tapmaq çox çətindir. Bob: Bəs, Bibliyanı tez-tez oxuyan gənclər – «İsa peyğəmbərun ardıcılları» haqqında nə deyə bilərsiniz?

Şrila Prabhupada: Zorakılıq Bibliya ehkamlarına ziddir. Əgər onlar doğrudan da Bibliyaya əməl edirlərsə, bəs nə üçün heyvanları öldürürlər?

Bob: Mən bu barədə bir nəfərdən soruşmuşam. Onun dediyinə görə İisus da ət yeyib, bu, Bibliyada yazılıb.

Şrila Prabhupada: Bu düzdür. O, hər şey yeyə bilər. O, qüdrətlidir. Amma o, belə göstəriş vermişdir: «Siz heç kəsi öldürməməlisiniz. Siz öldürməyi dayandırmalısınız». O, qüdrətlidir. O, bütün dünyanı yeyə bilər. Özünüzü İsa peyğəmbərlə bir tutmayın. Siz İsa peyğəmbərun etdiklərini edə bilməzsiniz; siz onun göstərişlərinə əməl etməlisiniz. Onda siz özünüzü, doğrudan da, İsa peyğəmbərun davamçısı saya bilərsiniz. Bu, əsl itaətkarlıqdır. «Bhaqavatam»da deyilir ki, ixtiyar sahibi – işvara hər şey edə bilər, lakin biz onu təqlid edə bilmərik. Biz onun göstərişlərinə əməl etməliyik: «O mənə nə desə, mən onu edəcəyəm». Siz onun etdiklərini edə bilməzsiniz. Deyirsiniz ki, İsa peyğəmbər ət yeyib. Tutaq ki, belədir. Amma siz bilmirsiniz o, əti hansı şəraitdə yeyib. Özü ət yeyir, ancaq başqalarına məsləhət görür ki, heç kəsi öldürməsinlər. Sizcə İsa peyğəmbər özü-özünə zidd gedib?

Bob: Yox.

Şrila Prabhupada: O, bunu edə bilməzdi. Ona həqiqətən inanmaq bu deməkdir. O, özü-özünə zidd gedə bilməzdi. Bəs o, nə üçün ət yeyib? Bunu yalnız o bilir. Mənə isə o, heç kəsi öldürməməyi tapşırıb. Mən buna əməl etməliyəm. Bu, həqiqətən ona tapınmaqdır. Siz İsa peyğəmbər deyilsiniz və onun etdiklərini edə bilməzsiniz. O, özünü Tanrı naminə qurban verdi. Siz verə bilərsiniz? Onda nə üçün yalnız ət yeməklə onu təqlid edirsiniz? Nə üçün Tanrı şüurunu yaymaq üçün öz həyatınızı qurban vermirsiniz? Bu barədə nə fikirləşirsiniz? Təbliğ edərkən nə istəsəniz deyə bilərsiniz. Özlərini xristian adlandırırlar, amma Tanrı üçün bir şey etmirlər. Fikir verin, görün Günəş sidiyi necə buxarlandırıb çəkir. Siz sidik içə bilərsiniz? Əgər siz Günəşi təqlid etmək istəyirsinizsə, onda sidik için. İçə bilərsiniz? İsa peyğəmbər qüdrət sahibidir. O, hər şey edə bilər. Amma biz onu təqlid edə bilmərik; biz, sadəcə olaraq, onun göstərişlərinə əməl etməliyik. Həqiqi xristianlıq budur. Qüdrətli şəxsiyyəti təqlid etmək düzgün deyil. Veda yazılarında bir zəhər okeanından danışılır. Heç kim bilmirdi onunla nə etsin. Onda Şiva dedi: «Yaxşı, mən onu içərəm». O, zəhər okeanını tamamilə içib boğazında saxladı. Siz zəhər içə bilərsiniz? Bütün okeanı yox, heç olmasa bir stəkan. Şiva heç vaxt bizə məsləhət görməyib ki, zəhər içək. Biz onu necə təqlid edə bilərik? Siz onun məsləhətlərinə əməl etməlisiniz, özünə oxşamağa çalışmamalısınız. LSD qəbul edən və marihuana çəkən narkomanlar deyirlər ki, Şiva qanca (həşiş) çəkirdi. Bəs Şiva bütöv bir okean zəhər içmişdi. Siz içə bilərsiniz? Şivanın məsləhətlərinə əməl etmək lazımdır. O, deyir ki, ən yaxşı ibadət Vişnuya səcdə etməkdir: vişnor aradxanam param. Parvati Şivadan soruşanda ki, ən yaxşı ibadət yolu hansıdır, o demişdi: «Ən yaxşı ibadət yolu Tanrı Vişnuya [Krişnaya] sitayişdir». Devalar çoxdur, amma Şiva ən yaxşı səcdəgah kimi Vişnunu məsləhət görür. Vişnuya sitayişdən yuxarıda isə vaişnava sitayiş durur. Tadiyanam – Onun xidmətçiləri və ya Onunla ünsiyyətdə olanlar. Məsələn, biz bu bitkiyə, tulasiyə sitayiş edirik. Biz bütün bitkilərə sitayiş etmirik, amma tulasi Krişna – Vişnu ilə xüsusilə yaxın əlaqədə olduğuna görə, biz ona sitayiş edirik. Eynilə, əgər nəsə Krişna ilə çox yaxın əlaqədədirsə, ona sitayiş etmək, Vişnunun Özünə sitayiş etməkdən daha yaxşıdır.

Bob: Bəs niyə belədir?

Şrila Prabhupada: Çünki bu, Krişnaya xoş gəlir. Tutaq ki, sizin itiniz var. Dostlarınızdan kimsə sizə gəlir və itinizi sığallayır: «Ah, nə gözəl itiniz var». Bu, sizin xoşunuza gəlir: «Hə, mənim dostum yaxşı adamdır». (Otağa bir neçə nəfər hindli qonaq daxil olur.)

Şrila Prabhupada: Buyurun, prasad yeyin.

(Şrila Prabhupada hərdən ingiliscə, hərdən də hind dilində qonaqlarla söhbətini davam etdirirdi. Həmin gün onun Nyu-Yorkda axırıncı günü idi. Londona uçan təyyarənin yola düşməsinə cəmisi bir neçə saat qalmışdı. Bob Şrila Prabhupadanı Kennedi aeroportuna aparmaq üçün öz maşını ilə gəlmişdi. Fədailər tələsirlər – çamadanları maşına aparır, Şrila Prabhupadanın axırıncı tərcümələrinin əlyazmalarını qaydaya salır və digər hazırlıq işləri görürdülər.)

Şyamasundara: Hər şey hazırdır, Şrila Prabhupada. Maşın sizi gözləyir.

Şrila Prabhupada: Hə, getmək olar? Yaxşı, Hare Krişna!