Mükəmməl suallar, mükəmməl cavablar. Təmizlənmə (29 fevral 1972-ci il).

(29 fevral 1972-ci il)

Bob: Suallarımı verməyə mənə imkan yaratdığınıza görə sizə çox təşəkkür edirəm.

Şrila Prabhupada: Bu mənim missiyamdır. İnsanlar Tanrı haqqında elmi bilməlidirlər. Ulu Tanrı ilə əməkdaşlıq etməyənə qədər həyatımız bir məna kəsb etməyəcək. Mən dəfələrlə misal çəkmişəm: maşından düşən vintin heç bir əhəmiyyəti yoxdur. Lakin həmin vinti qaytarıb yerinə qoysaq, o yenidən əhəmiyyət kəsb edəcəkdir. Biz də eləcə, Tanrının zərrəcikləriyik. Odur ki, Tanrıdan ayrı biz nəyə gərəyik? Heç nəyə. Biz yenidən öz ilkin mövqeyimizə qayıtmalı, Tanrıyla əlaqəmizi bərpa etməliyik. Onda biz bir əhəmiyyət kəsb edəcəyik.

Bob: Bu gün günorta bura gəlmiş birisini gördüm… Ola bilsin bu sizə gülməli görünəcək… o, buraya Mayapurda hippilərin olduğunu eşidib gəlmişdi.

Şrila Prabhupada: Necə?

Bob: O, eşidib ki, Mayapura hippilər gəlib. Onunla əvvəlcə mən söhbət etdim, sonra da fədailər. Mən onun dediyi bəzi şeylərə cavab tapa bilmədim. Dedi ki, sabah yenə gəlib fədailərlə söhbət edəcək. İcazə versəydiniz onun dediklərini sizə danışardım. Adam çaşıb qalır. O, cavan olanda…

Şrila Prabhupada: O, hindlidir?

Bob: Bəli, hindlidir. Bu yaxınlıqda yaşayır və ingiliscə də yaxşı danışır. Cavanlığında hər gün səylə Kaliyə (Hindistanda geniş sitayiş edilən ilahə, Həzrət Şivanın həyat yoldaşı Durqanın başqa adı) sitayiş edirmiş. Bir dəfə daşqın baş verir. Daşqın zamanı adamlar böyük çətinliklərə məruz qalırlar və o vaxtdan o, daha dinə inanmır. İndi, dediyinə görə, insanlar arasında məhəbbət yaymaqla məşğuldur və xoşbəxtliyini də bunda tapır. Mən ona Tanrını və dini həyatımızın bir hissəsinə çevirməyimizin gərəkliyi haqqında bir söz tapıb deyə bilmədim. Deyir ki: «Öləndən sonra mən bəlkə Tanrının bir hissəciyi oldum, bəlkə də yox». İndi isə bu barədə narahatçılıq keçirməyə bir səbəb görmür. Deyir ki, müxtəlif dini yolları sınaqdan keçirib, amma bir şey alınmayıb. Bunu soruşmaqda başqa məqsədim var: Amerikaya qayıdanda, güman ki, bu cür adamlara az rast gəlməyəcəyəm. Onlar da vaxtilə Kaliyə sitayiş etmiş bu adam kimi, dindən bir nəticə hasil olmadığını görüb inamlarını itiriblər. Mənsə bilmirəm onları necə inandırım ki, bu yolu tutmağa dəyər.

Şrila Prabhupada: Bunu indi etməyə çalışmayın. Əvvəlcə özünüzü inandırın.

Bob: Yaxşı. Mən ona təklif etdim ki, fədailərlə görüşsün. Sonra o gedəndə aşağıda, yolda yenə qarşılaşdıq və mən dedim: «Yenə gəlin», – ancaq… Hə, başa düşdüm, siz haqlısınız.

Şrila Prabhupada: Əvvəlcə özünüz inanın, sonra başqalarını inandırmağa cəhd göstərin. Çaitanya Mahaprabhu deyib ki, siz başqalarının vəziyyətini yalnız özünüz uğur qazandıqdan sonra dəyişə bilərsiniz: bharata-bhumite hailamanuşya-canma yara canma sarthaka kari’ kara para-upakara (Çç. Adi 9.41). Əvvəlcə öz həyatını kamilləşdir, sonra başqalarını öyrətməyə çalış.

Bob: Fədailər mənə dedilər ki, bütünlüklə Krişna şüurunda olmasam xoşbəxt ola bilməyəcəyəm. Lakin mən özümü hərdən xoşbəxt hiss edirəm.

Şrila Prabhupada: Hərdən, amma həmişə yox. Bob: Elədir.

Şrila Prabhupada: Əgər siz Krişna şüurunda olsanız, onda özünüzü həmişə xoşbəxt hiss edəcəksiniz.

Bob: Onlar nəzərdə tuturlar ki, Krişna şüurunda olmadan xoşbəxt olmaq mümkün deyil.

Şrila Prabhupada: Bu, faktdır. Məsələn, quruda yaşayan heyvanı suya atsalar, nə cür şərait yaratsan belə, o özünü xoşbəxt hiss etməyəcək. Əgər onu yenidən quruya çıxarsalar, onda o özünü yaxşı hiss edəcək. Eynilə, biz də Krişnanın ayrılmaz hissəcikləriyik və Onun hissəcikləri kimi fəaliyyət göstərməsək, xoşbəxt ola bilməyəcəyik. Bayaq çəkdiyim misalda olduğu kimi: maşın hissəsinin maşından kənarda heç bir dəyəri yoxdur, ancaq yenidən qaytarılıb maşına qoyulanda o, dəyərli olur. Biz Krişnanın hissəcikləriyik və Ona da birləşməliyik. Krişnaya şüurumuz vasitəsilə bir anın içində birləşə bilərik. Bunun üçün, sadəcə, fikirləşmək lazımdır: «Mən Krişnanınam. Krişna da mənimdir». Vəssalam.

Bob: Necə dediniz? Krişna…

Şrila Prabhupada: Krişna mənimdir.

Bob: Mənim?

Şrila Prabhupada: Bəli, mənim. Mənim Krişnam.

Bob: A…

Şrila Prabhupada: Krişna mənimdir. Krişna mənimdir.

Bob: Hə.

Şrila Prabhupada: Mən də Krişnanınam. Bizim əsl vəziyyətimiz belədir.

Bob: Biz Krişnanın hissəcikləriyik.

Şrila Prabhupada: Bəli, hər şey Krişnanın ayrılmaz hissəciyidir, çünki hər şey Krişnanın enerjisindən törəyib və hər şey elə Krişnanın enerjisidir.

Hindli qonaq: Şrila Prabhupada, mənim sualım var. Sədaqətlə edilməyən xidmət haqqında nə deyə bilərsiniz?

Şrila Prabhupada: Hm-m? Bu, xidmət deyil, bu, biznesdir. (Hamı gülür.) Məsələn, biz burada, Mayapurda podratçı tutmuşuq. Bu, xidmət deyil, bu, biznesdir. Elə deyil? Bəzən belə reklama rast gəlmək olar: «Alıcı bizim sahibimizdir», – elədir? Qəşəng səslənir – «Alıcı bizim sahibimizdir». Ancaq bu, biznesdir. Çünki siz bir şeyi pul vermədən alırsınızsa, alıcı hesab edilə bilməzsiniz. Xidmət isə belə olmur. Xidmət … Çaitanya Mahaprabhu Krişnaya belə dua edir: yatha tatha va vidadhatu lampato mat-prana-nathas tu sa eva naparah (Çç. Antya 20.47) «Sən mənimlə necə rəftar etməyindən asılı olmayaraq, yenə Sənə sitayiş edəcəyəm, mənim Tanrım». Xidmət budur. «Əvəzində Səndən heç nə istəmirəm». Xidmət belə olur. Əgər siz əvəzində nəsə bir şey istəyirsinizsə, bu artıq biznesdir.

Bob: Mən gələcək üçün sizdən məsləhət almaq istəyirəm. Özümü Tanrıya yaxın hiss etmək üçün nə etməliyəm? Tezliklə sizdən ayrılacam, onda mən…

Şrila Prabhupada: Siz təmizlənməlisiniz.

Bob: Mən hərdən məbədə gəlirəm, amma gedəndə bilmirəm özümlə çoxmu şey aparıram.

Şrila Prabhupada: Buna çox vaxt lazım deyil. Altı ayın içində nə qədər inkişaf etdiyinizi özünüz görəcəksiniz. Bunun üçün siz nizamlayıcı prinsiplərə əməl etməlisiniz. Onda hər şey yaxşı olacaq. Bax, bu gördüyün cavan oğlan və qızlar kimi.

Bob: Hə, başa düşdüm.

Şrila Prabhupada: Onların kinoya və restorana getmək meylləri yoxdur. İstəmirlər. Onlar bütün anarthalardan – bütün lüzumsuz şeylərdən imtina ediblər.

Bob: Mənə, mənə elə gəlir ki, mən qayıdanda onlar…

Şrila Prabhupada: İnsan həyatı təmizlənmək üçündür.

Bob: Elədir.

Şrila Prabhupada: tapo divyam putraka yena sattvam şuddhyed yasmad brahma-saukhyam tv anantam (ŞB 5.5.1) Sattva «varlıq, mövcudluq» deməkdir. Əgər siz öz varlığınızı təmizləməsəniz, bədəninizi dəyişməli olacaqsınız. Bir bədəndən başqasına keçəcəksiniz. Bəzən yüksək, bəzən də aşağı səviyyəli bədənə. Məsələn, əgər siz xəstəsinizsə və müalicə olunmursunuzsa, onda xəstəlik sizə çoxlu narahatlıq gətirəcək. Eynilə, əgər siz varlığınızı təmizləməsəniz, bir bədəndən başqasına keçmək məcburiyyətində qalacaqsınız. Təbiətin qanunları çox incədir. Hazırda heç kim sizə zəmanət verə bilməz ki, gələn həyatda rahat bədən alacaqsınız və yaxud yenidən Amerikada doğulacaqsınız. Odur ki, insan üçün öz həyatını təmizləmək çox vacibdir. Nə qədər ki, varlığınızı təmizləməmisiniz, həmişə xoşbəxtlik arxasınca qaçmalı olacaq, lakin heç vaxt xoşbəxt ola bilməyəcəksiniz.

Bob: Ümid edirəm ki, Nyu-Yorka, əvvəlki işimə qayıdanda təmizlənəcəyəm. Lakin sizin fədailər kimi ola biləcəyimə əmin deyiləm. Mən… Mən onlar kimi yaşaya biləcəyimi təsəvvür edə bilmirəm.

Şrila Prabhupada: Siz onlar kimi yaşaya bilərsiniz. Onlar da əvvəl təmiz deyildilər. Sonradan təmizləniblər. Siz də təmizlənə bilərsiniz. Məsələn, uşaq olanda sizin təhsiliniz yox idi, hazırda ali təhsiliniz var. Bob: Yaxşı, mən nə edə bilərəm? Qayıdanda mən…

Şrila Prabhupada: Nə vaxt qayıdırsınız?

Bob: Mən indi Çaybasa qayıdacağam, orada işləyəcəyəm, sonra isə…

Şrila Prabhupada: Çaybasda nə var?

Bob: Ora mənim dərs dediyim yerdir. Mən orada yaşayıram. Şrila Prabhupada: Yaxşı olar ki, dərs deməyəsiniz, çünki siz nə öyrədəcəyinizi bilmirsiniz.

Bob: (Gülür.) Mən belə də etmək fikrindəyəm. Dərs demək o qədər də xoşuma gəlmir. May ayında Amerikaya qayıdacağam. Ancaq nə qədər ki, buradayam dərsimi deməliyəm. Çünki bu, Hindistanda qalmaq üçün müqavilənin şərtlərindən biridir.

Şrila Prabhupada: Siz ciddisinizsə, hər yerdə təmiz qala bilərsiniz. Harada olmağınızın fərqi yoxdur: istər Amerika olsun, istərsə də Hindistan. Siz təmiz qalmağın yolunu bilməlisiniz, vəssalam.

Bob: Siz nizamlayıcı prinsiplərə əməl etməyi nəzərdə tutursunuz? Şrila Prabhupada: Hə. Mən, məsələn, Amerikaya getmişdim, lakin orada da, Hindistanda da həmin adam olaraq qalmışam, dəyişməmişəm. Bob: Mən… Mən sizə birinci dəfə rast gələndən (1971-ci ilin noyabr ayında Kəlküttəyə qısa səfər zamanı) bu prinsiplərə bir qədər əməl etməyə çalışıram.

Şrila Prabhupada: Hm-m… əməl edirsinizsə, ciddi əməl etməlisiniz, əgər siz ciddisinizsə.

Bob: Ola bilsin… Yaxşı. Ola bilsin… indi deyəcəyim əvvəl dediklərimdən ağılsız səslənsin, ancaq icazə verin hiss etdiklərimi sizə danışım.

Şrila Prabhupada: Yox, yox, ağılsız yox, mən belə şeyə ağılsız demirəm, qeyri-mükəmməl deyirəm.

Bob: Yaxşı. (Gülür.) Qeyri-mükəmməl. Ancaq icazə verin danışım. Mən sizin fədailərə valeh olmuşam və onlara hörmət edirəm. Ancaq özümü onlardan biri kimi hiss edə bilmirəm və hətta onlardan biri olmağa özümdə böyük istək də duymuram. Hiss edirəm ki… sadəcə olaraq, istəyirəm ki… istəyirəm ki, düzgün hərəkət edim, Tanrıya yaxınlaşım və əgər… və əgər sonrakı həyatımda daha yaxşı bədən alsam, bu mənə bəsdir.

Şrila Prabhupada: Çox yaxşı.

Bob: Bu, güman ki, maddi bağlılıqdır, ancaq…

Şrila Prabhupada: Siz onları, sadəcə olaraq, örnək kimi qəbul edin və onda istəkləriniz yerinə yetəcək. Biz onlara necə təmizlənməyi və xoşbəxt olmağı öyrədirik. Bu, bizim missiyamızdır. Biz hamını xoşbəxt görmək istəyirik: Sarve sukhino bhavantu. Adamlar necə xoşbəxt olmağın yolunu bilmirlər. Onlar xoşbəxtliyə aparan mütləq yolla getmirlər. Özlərindən təzə yollar uydururlar. Problem də bundadır. Ona görə Rişabhadev oğullarına belə məsləhət verir: «Əziz övladlarım, transsendent dərketmə üçün zahidlik etmək lazımdır». Hamı zahidlik edir. Mən kommersiya menecerliyi öyrənmək üçün başqa ölkəyə getmək məcburiyyətində qalmış bir cavan oğlan tanıyıram. Hazırda o, yüksək vəzifə sahibidir. Beləliklə, hər bir adam öz gələcəyi naminə zahidlik etməlidir. Belə olan halda, nə üçün bu zahidlik əbədi xoşbəxtlik naminə edilməsin? Sizə varlığınızı və bədəninizi təmizləmək lazımdır. Nə qədər ki, maddi bədəndə doğulursunuz, onları dəyişməli olacaqsınız. Lakin ruhi bədən alan kimi, bədən dəyişmək məsələsi aradan qalxır. Çünki bədəniniz artıq ruhidir. Hazırda maddi düşüncə tərzi ilə çirkləndiyimizə görə maddi bədəni inkişaf etdirməklə məşğuluq. Amma ruhi həyata başlasaq, onda biz ruhi bədənimizi inkişaf etdirəcəyik. Mən dəfələrlə belə bir misal çəkmişəm: dəmiri oda tutsan, o da köz kimi olacaq. Elə deyil?

Bob: Dəmiri oda tutmaq?

Şrila Prabhupada: Bəli, o da od kimi közərəcəkdir.

Bob: Hə.

Şrila Prabhupada: Amma dəmir olaraq qalacaq. Bob: Elədir.

Şrila Prabhupada: Siz də həmçinin, əgər həmişə ruhi fəaliyyətlə məşğul olsanız, bədəniniz maddi olsa da, ruhi bədən kimi fəaliyyət göstərəcək. Elə həmin misalı götürək: qızarmış dəmirə toxunsanız, yanacaqsınız, çünki o, odun xassəsini alıb. Eynilə, siz də həmişə Krişna şüurunda olsanız, ruhiləşəcəksiniz. Ruhi səviyyədə hərəkət edəcəksiniz. Artıq maddi tələbatınız olmayacaq.

Bob: Bunu necə etmək olar?

Şrila Prabhupada: Bu metodla. Fədailər də belə edirlər. Siz bu gün ruhi ad almış cavanları – altı nəfər oğlanı gördünüzmü? Bu çox sadədir. Siz dörd nizamlayıcı prinsipə riayət etməli və təsbehdə Tanrının adlarını tərənnüm etməlisiniz. Çox sadədir.

Bob: Elədir, ancaq başa düşürsünüzmü, mən Bihara qayıdıb oradakı həyatıma başlayanda, mən… əgər mən bu nizamlayıcı prinsiplərin hamısına əməl etsəm… bəzilərinə indi də əməl edirəm, ancaq hamısına yox…

Şrila Prabhupada: Bəzilərinə deyəndə ki…? Bob: Bəzilərinə?

Şrila Prabhupada: Cəmisi dörd nizamlayıcı prinsip var. Bəzilərinə deyəndə üçünə, yoxsa ikisinə?

Bob: İkisinə, ya da üçünə.

Şrila Prabhupada: Bəs axırıncısına əməl etməyə nə mane olur? Bob: Yox, yox. Mən demək istəyirəm ki, birinə, ya da ikisinə əməl edirəm. Hazırda mən bir, ya da iki nizamlayıcı prinsipə əməl edirəm. Şrila Prabhupada: (Gülərək.) Bəs niyə qalan üçünə yox? Burada çətin nə var? Hansına əməl edirsiniz?

Bob: Hansına əməl edirəm? Mən, demək olar ki, vegetarianam. Bircə, yumurta yeyirəm.

Şrila Prabhupada: Deməli, bu prinsipə də tam əməl etmirsiniz.

Bob: Bəli, hətta buna da tam yox. Keçən dəfə noyabrda sizinlə görüşən kimi mən vegetarian oldum, ancaq…

Şrila Prabhupada: Vegetarian olmaq elə bir xüsusi nailiyyət deyil. Bob: Bəli, böyük şey deyil.

Şrila Prabhupada: Göyərçinlər də vegetariandır. Meymunlar – ən yaramaz məxluqlar da vegetariandırlar.

Bob: Hə…?

Şrila Prabhupada: Meymunlar da vegetariandırlar. Meşədə yaşayan bu çılpaq sannyasilər… ən nadinc yaramazlar…

Bob: Mən… Mən hiss edirəm ki, müəyyən qədər inkişaf etmişəm, çünki əvvəlcə çətin idi, sonra asan oldu və mən yenə…

Şrila Prabhupada: Yox, siz nizamlayıcı prinsiplərin hamısına o vaxt ciddi əməl edə bilərsiniz ki, Krişna şüurunu qəbul edəsiniz. Əks halda bu mümkün deyil.

Bob: Hə, bu belədir. Mənim dostlarım… mən Bihara qayıdanda… mmm… güman ki, dostlarım deyəcəklər… Axşamlar biz bir yerə yığışırıq, ağcaqanad öldürməkdən başqa işimiz olmur, onda onlar deyirlər: «Marihuana ilə aran necədir?» Mən də deyirəm: «Ver gəlsin, onsuz da bekarıq», – oturub bütün axşamı həzz alırıq. Bir dəfə edəndən sonra öyrəşdik, hər gün çəkməyə başladıq. Özümüzə ziyan vurduğumuzu görəndən sonra əl çəkdik, amma hərdənbir yenə…

Şrila Prabhupada: Siz bizimlə yaşamalısınız, onda dostlarınız deməyəcəklər: «Marihuana ilə aran necədir?» (Bob gülür.) Fədailərlə ünsiyyətdə olun. Biz mərkəzlər açırıq ki, adamlara bizimlə ünsiyyətdə olmaq imkanı verək. [Mayapurda] Bu qədər torpağı nə üçün almışıq? Ürəkdən istəyənlər buraya gəlib bizimlə yaşayacaqlar. Ünsiyyətin təsiri böyükdür. Əyyaşla ünsiyyətdə olsanız, siz də əyyaş olacaqsınız, sadhu (övliya) ilə ünsiyyətdə olsanız, siz də sadhu olacaqsınız. Şyamasundara: (Şrila Prabhupadanın katibi.) O gəlib bizimlə Bombeydə yaşaya bilər.

Şrila Prabhupada: Hə, siz bizimlə Bombeydə qala bilərsiniz. Amma ona marihuana çəkən dostlar lazımdır. Problem də bundadır.

Bob: İcazə verin başqa bir şey soruşum, sonra ola bilsin yenə bunun üstünə qayıtdım. Mən fikir vermişəm ki, özüm haqda həddən çox düşünürəm və ona görə, Tanrı barədə düşünməyə o qədər də vaxtım qalmır. Harada olsam, ancaq özüm haqda düşünürəm. Necə edim ki, özümü unudum, fikrimi başqa şeyin – daha vacib şeyin üzərində cəmləyə bilim?

Şrila Prabhupada: Onlar [fədailər] etdiyi kimi.

Bob: (Gülərək.) Siz deyirsiniz ki, mənim yolum… Sizin sözlərinizdən belə başa düşürəm ki, təmizlənmək üçün mən fədai olmalıyam.

Şrila Prabhupada: Siz buna şübhə edirsiniz?

Bob: Axı, mən…

Şrila Prabhupada: Məgər fədai olmaq çox çətindir?

Bob: Mənim üçün hə. Mənim… Mənim o qədər də istəyim yoxdur. Əvvəla, fədailər mənə deyiblər ki, onlar maddi həyatdan imtina ediblər. Onlar mənə başa saldılar ki, bu dörd nizamlayıcı prinsip maddi həyatdan imtina etmək deməkdir və mən bunu başa düşürəm. Amma bunun əvəzinə onlar…

Şrila Prabhupada: Siz maddi həyat deyəndə nəyi nəzərdə tutursunuz?

(Bob susur.) Mən bu çarpayıda oturmuşam. O, maddidir, yoxsa ruhi?

Bob: Maddi.

Şrila Prabhupada: Onda biz maddi həyatdan necə imtina etmişik?

Bob: Mən maddi nailiyyət arzularını nəzərdə tuturdum.

Şrila Prabhupada: «Maddi» nə deməkdir?

Bob: Maddi qazanc üçün işləmək və maddi şeylərdən imtina etməmək.

Şrila Prabhupada: Maddi həyat deyəndə hissləri razı salmaq istəyi nəzərdə tutulur. Maddi həyat budur. Siz Tanrıya xidmət etməyə can atanda, bu, ruhi həyat olur. Maddi və ruhi həyatın arasındakı fərq budur. Hal-hazırda biz hisslərimizə xidmət etməyə çalışırıq. Lakin hisslərimizin əvəzinə Tanrıya xidmət edəndə, bu, ruhi həyat olur. Bizim etdiklərimiz başqalarının etdiyindən nə ilə fərqlənir? Biz stol, stul, çarpayı, maqnitofon, yazı makinası – hər şeydən istifadə edirik, bəs onda fərq nədədir? Fərq ondadır ki, biz hər şeyi Krişna üçün istifadə edirik.

Bob: Fədailər mənə deyiblər ki, onların imtina etdikləri hissi həzlər ruhi həzlərlə əvəz olunmuşdur, amma bilirsiniz, mən hələ özümdə bunu hiss etməmişəm.

Şrila Prabhupada: Ruhi həzz Krişnanı razı salmaq istəyəndə gəlir. Ruhi həzz budur. Məsələn, ana körpəsini yedizdirəndə daha çox ləzzət alır. O, özü yeməsə də, körpəsinin iştahla yediyini görəndə ləzzət alır.

Bob: Hm-m… Deməli, ruhi həzz Tanrını razı salmaq deməkdir.

Şrila Prabhupada: Ruhi həzz deyəndə Krişnaya həzz vermək nəzərdə tutulur.

Bob: Krişnaya həzz vermək.

Şrila Prabhupada: Bəli. Maddi həzz hissləri razı salmaq deməkdir, vəssalam. Fərq bundadır. Adam Krişnaya həzz verməyə çalışırsa, bu, ruhi həzzdir.

Bob: Mən elə fikirləşirdim ki… mənim təsəvvürümdə Tanrını razı salmaq…

Şrila Prabhupada: Özünüzdən Tanrını razı salmaq yolu icad etməyin. Heç nə uydurmayın. Tutaq ki, mən sizi razı salmaq istəyirəm, onda sizdən soruşmalıyam: «Mən sizin üçün nə edə bilərəm?» Özümdən heç nə uydurmamalıyam. Yoxsa siz razı qalmayacaqsınız. Tutaq ki, mən su istəyirəm. Əgər siz özünüzdən uydursanız ki: «Mən Svamiciyə bir stəkan süd, özü də isti süd gətirsəm, o məndən daha çox razı qalacaq», amma bu mənə xoş gəlməyəcək. Əgər siz mənə xoş gəlməsini istəyirsinizsə, onda məndən soruşun: «Sizi razı salmaq üçün mən nə etməliyəm?» Və sonra mənim xahişimi yerinə yetirsəniz, mən razı qalacağam.

Bob: Yəni Krişnanı razı salmaq – Krişnanın fədaisi olmaq deməkdir? Şrila Prabhupada: Fədai o kəsdir ki, o həmişə Krişnanı razı salmağa çalışır. Bu onun yeganə qayğısı, yeganə məşğuliyyətidir. Fədai belə olur.

Bob: Hare Krişna maha-mantrasının tərənnümü haqqında bir qədər də danışa bilərsinizmi? Mən bir müddət bu mantranı təkrar etmişəm, amma müntəzəm yox, hərdənbir, az-az. Təsbehi lap bu yaxınlarda əldə etmişəm. Bəzən mantranı təkrar edəndə özümü yaxşı hiss edirəm, bəzən isə heç nə hiss etmirəm. Ola bilsin düzgün oxumuram. Bilmirəm.

Şrila Prabhupada: Hər şeyin qaydası var. Siz bu qaydanı öyrənməlisiniz.

Bob: Fədailər deyirlər ki, onlar mantranı təkrar edərkən ruhi vəcd hissi keçirirlər.

Şrila Prabhupada: Bəli, nə qədər çox təmizlənsəniz, o qədər də çox ruhi vəcd duyacaqsınız. Hare Krişna mantrasının tərənnümü adamı təmizləyir.