Bhaqavad-gita – Müqəddimə

Bhaqavad-gita olduğu kimini ilk dəfə indi gördüyünüz şəkildə yazmışdım. Kitabın əlyazması birinci dəfə çap olunarkən, bədbəxtlikdən, o dörd yüz səhifə ixtisar olunmuş, Şrimad Bhaqavad-gitanın orijinal beytlərinin əksəriyyətinin illüstrasiya və izahları nəşrə daxil edilməmişdi.

Şrimad-Bhaqavatam, Şri İşopanişad və digər kitablarımda öncə sanskrit mətnini, sonra mətnin transliterasiyasını – hər sözün ayrılıqda tərcüməsini, ədəbi tərcüməni və izahları verirəm. Belə olduqda əsərin səhihliyi, eyniliyi və aydınlığı saxlanmış olur. Buna görə də əlyazmanın ixtisar olunması məni heç də sevindirmirdi. Bir müddət keçdikdən sonra Bhaqavad-gita olduğu kimiyə tələbat xeyli artdığı üçün bir çox alim və fədailər kitabı ilkin formada təqdim etməyimi xahiş etdilər. Beləliklə, bu nəhəng bilik mənbəyinin orijinal manuskripti Krişna şüuru hərəkatını mütərəqqi və əsaslı surətdə bərqərar etmək üçün paramparanın verdiyi tam izahlarla oxucuya təqdim edilir.

Krişna şüuru hərəkatı Bhaqavad-gita olduğu kimiyə əsaslandığına görə həqiqi, tarixi nöqteyi-nəzərdən mötəbər, təbii və transsendentaldır. Bu, getdikcə bütün dünyada, xüsusilə gənc nəsil arasında ən geniş yayılmış hərəkata çevrilir. Bu, yaşlı nəsli də getdikcə daha çox maraqlandırır. Yaşlı adamların marağı o qədər artır ki, mənim şagirdlərimin ata və babaları bizim böyük cəmiyyətimizin – Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ömürlük üzvləri olaraq bizi ruhlandırırlar. Los-Ancelesdə bir çox valideynlər mənimlə görüşmək və bu hərəkatı bütün dünyaya yaydığıma görə minnətdarlıqlarını bildirmək üçün yanıma gəlirdilər. Onların bəziləri deyirlər ki, Krişna şüuru hərəkatı Amerikada başlamağım amerikalılar üçün böyük xoşbəxtlikdir. Həqiqətdə isə bu hərəkatın əsl atası Tanrı Krişna Özüdür. Belə ki, ta qədim zamanlardan başlanmış bu hərəkat şagird ardıcıllığı vasitəsilə insanlara ötürülür. Bununla əlaqədar bəzi xidmətləri mənə aid edirlərsə, əslində bu mənim əbədi ruhani ustadım Om Vişnupada Paramahamsa Parivracakaçarya Aştottara-şata Şri Şrimad Bhaktisiddhanta Sarasvati Qosvami Maharaca Prabhupadaya məxsusdur.

Əgər mənim hər hansı şəxsi xidmətim varsa, bu ondan ibarətdir ki, Bhaqavad-gitanı olduğu kimi təqdim etməyə cəhd etmişəm. Bhaqavad-gitanın buna qədərki ingilis nəşrlərinin demək olar ki, hamısı kiminsə şöhrətpərəst istəklərini təmin etmək məqsədini güdmüşdür. Ancaq bizim təşəbbüsümüzün məqsədi Bhaqavad-gita olduğu kimini təqdim etməklə Allahın Ali Şəxsiyyəti Krişnanın niyyətini insanlara çatdırmaqdır. Bizim vəzifəmiz digər elmləri bilməsinə baxmayaraq, Krişna haqqında nisbi biliyə malik olan hər hansı dünyəvi alim, siyasətçi, yaxud filosofun deyil, Krişnanın iradəsini əks etdirməkdir. Krişna man-mana bhava mad-bhakto mad-yacı mam namaskuru dedikdə, biz üzdəniraq alimlərdən fərqli olaraq, Krişnanı Onun ruhundan ayırmırıq. Krişnanın adı, forması, keyfiyyətləri, əyləncələri və s. arasında fərq yoxdur. Krişna Mütləqdir. Paramparaya (şagird ardıcıllığı) mənsub Krişna fədaisi olmayan şəxsə Krişnanın bu mütləq mövqeyini anlamaq çətindir. Adətən üzdəniraq alim, siyasətçi, filosof və svamilər Krişna barədə kamil biliyə malik olmadan Bhaqavad-gitaya şərhlər yazarkən Krişnanı aradan götürməyə, məhv etməyə cəhd edirlər. Bhaqavad-gitaya yazılmış bu cür nüfuzsuz şərhlər Mayavada-bhaşya adı ilə tanınır və İlahi Çaitanya bu səriştəsiz müəlliflərdən uzaq olmağı məsləhət görmüşdür. O açıq-aydın deyib ki, kim Bhaqavad-gitanı mayavadi nöqteyi-nəzərindən anlamağa çalışırsa, böyük səhv edir. Belə səhv nəticəsində Bhaqavad-gitanı düzgün başa düşməyən adam getdiyi ruhi yolda hökmən çaşdırılacaq və geriyə, əbədi mənzilinə – Allahın yanına qayıda bilməyəcəkdir.

Bizim yeganə məqsədimiz (şərtləndirilmiş şagirdi Şri Krişnanın hər Brahma günündə və ya 8.600.000.000 ildən bir yerə gəlişindəki məqsədə yönəltmək üçün) Bhaqavad-gitanı olduğu kimi təqdim etməkdir. Bu məqsəd Bhaqavad-gitada öz əksini tapıb və biz onu olduğu kimi qəbul etməliyik; əks təqdirdə Bhaqavad-gitanı və onun hekayətçisi Tanrı Krişnanı dərk etməyə çalışmağın mənası yoxdur. Yüz milyon illər qabaq Tanrı Krişna Bhaqavad-gitanı ilk dəfə günəş tanrıçasına danışmışdır. Biz bu faktı qəbul etməliyik və beləliklə, təhrif etmədən, Krişnanın nüfuzuna istinad edib Bhaqavad-gitanın tarixi əhəmiyyətini anlamalıyıq. Bhaqavad-gitanı Krişnanın iradəsinə istinad etmədən şərh etmək ən böyük təhqirdir. Bu təhqirə yol verməmək üçün Tanrının Allahın Ali Şəxsyyəti olduğunu anlamaq lazımdır. O ilk şagirdi Arcuna tərəfindən bilavasitə bu cür dərk edilmişdi. Bhaqavad-gitanın belə anlaşılması həqiqətən faydalıdır və insan həyatının vəzifəsini yerinə yetirməyə imkan yaratmaqla bəşəriyyətin firavanlığını təmin edir.

Krişna şüuru hərəkatı bəşəriyyət üçün zəruri olub onu kamilliyə aparır. Bunun yolu Bhaqavad-gitada tam izah olunur. Bədbəxtlikdən dünyəvi mübahisəçilər məkrli meyllərini irəli sürmək və həyatın adi prinsiplərini anlamaqda insanları çaşdırmaq üçün Bhaqavad-gitadan istifadə edirlər. Hər bir kəs Allahın, yəni Krişnanın necə böyük olduğunu öyrənməli və hər bir kəs canlı varlığın həqiqi mövqeyini bilməlidir. Hər bir kəs bilməlidir ki, canlı varlıq Tanrının əbədi xidmətçisidir və Krişnaya xidmət etməzsə maddi təbiətin üç qunasının müxtəlif qarışığının təsiri altında illüziyaya xidmət edəcək. Beləliklə, doğuluş və ölüm dairəsində əbədi olaraq dövr edəcəkdir. Hətta, guya qurtulmuş mayavadi mütəfəkkirləri də bu prosesə düçar olurlar. Bu bilik nəhəng elm mənbəyidir və hamı öz rifahı naminə ona yiyələnməlidir.

Əksər adamlar, xüsusən Kali-yuqada Krişnanın xarici enerjisinə aludə olur, maddi güzəranlarını yaxşılaşdırmaqla xoşbəxt olacaqlarını düşünürlər. Onlar maddi, yaxud zahiri təbiətin gücünü, hamının maddi təbiətin sərt qanunlarından asılı olduğunu bilmirlər. Canlı varlıqlar Tanrının xoşbəxt, ayrılmaz hissəcikləridir və məhz buna görə bilavasitə Ulu Tanrıya xidmət etmək onların təbii vəzifəsidir. İllüziya ilə ovsunlanmış adam hisslərini cürbəcür üsullarla nəşələndirib xoşbəxt olmaq istəyir, halbuki bu heç vaxt səadət gətirə bilməz. O öz maddi hisslərinin əvəzinə Tanrının hisslərini razı salmalıdır. Bu, kamil həyatın ən yüksək pilləsidir. Tanrı bunu istəyir və bunu tələb edir. İnsan Bhaqavad-gitanın bu əsas müddəasini dərk etməlidir. Bizim Krişna şüuru hərəkatımız bütün dünyaya bu əsas müddəanı öyrədir. Biz Bhaqavad-gitanın mahiyyətini təhrif etmədiyimizə görə onu öyrənməklə həqiqətən səadət əldə etmək istəyən hər bir adam Krişna şüuru hərəkatına müraciət etməlidir. Bu yolla o, Bhaqavad-gitanı bilavasitə, Tanrının rəhbərliyi ilə, əməli surətdə dərk edə bilər. Buna görə də ümid edirik ki, təqdim etdiyimiz “Bhaqavad-gita olduğu kimi”ni öyrənməklə insanlar böyük fayda əldə edəcəklər və əgər bircə nəfər belə Tanrının pak fədaisinə çevrilərsə, biz öz təşəbbüsümüzü uğurlu hesab edəcəyik.

 

A.Ç.Bhaktivedanta Svami
12 may 1971-ci il
Sidney, Avstraliya